DÜNYA
Xilasedicilər İndoneziyanın qəzaya uğramış təyyarəsinin hər iki mühərrikini tapıblar
Tokio, 3 noyabr, AZƏRTAC
Xilasedicilər Yava dənizində qəzaya uğramış “Lion Air” şirkətinə məxsus “Boeing 737 Max 8” sərnişin təyyarəsinin hər iki mühərrikini aşkar ediblər.
AZƏRTAC “Detik news” portalına istinadla xəbər verir ki, bu barədə noyabrın 2-də İndoneziya Milli Axtarış və Xilasetmə Agentliyinin rəhbəri Mohammad Sayuqi məlumat verib.
“Son iki gün ərzində təyyarənin hər iki mühərrikini, qanadını, şassilərini və digər hissələrini aşkar etmişik. Bundan əlavə, dalğıclar təyyarənin füzelyajını da tapıblar və onun koordinatları barədə mərkəzə məlumat verilib”, - deyə M.Sayuqi bildirib.
Hələlik təyyarənin parçalarını qaldırmaq üçün ağır texnikadan istifadə edilmir. Xilasedicilərin bildirdiyinə görə, layner tamamilə dağılıb. İlkin məlumatlara görə, bu, təyyarə suyun səthinə dəyərkən baş verib.
Xatırladaq ki, “Lion Air” şirkətinə məxsus JT610 reysi ilə Cakartadan Pankalpinanq şəhərinə uçan təyyarə havaya qalxdıqdan 13 dəqiqə sonra dənizə düşüb. Göyərtədə olan 189 nəfərin hamısı həlak olub. İstintaq qrupu hələlik qəzanın səbəbləri ilə bağlı heç bir versiya irəli sürmür.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio