REGİONLAR
Xırdalanda altı şəhidin xatirəsinə bulaq kompleksi istifadəyə verilib
Xırdalan, 17 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Xırdalan şəhərinin 27-ci məhəlləsində, 17 saylı binanın həyətində Vətən müharibəsində şəhid olan altı igidimizin xatirəsini əbədiləşdirmək məqsədi ilə abidə-bulaq kompleksi inşa olunub.
AZƏRTAC xəbər verir ki, rayon rəhbərliyinin və yerli sakinlərin iştirakı ilə kompleksin açılış mərasimi keçirilib. Çıxışlarda bildirilib ki, kompleks eyni məhəllədə böyüyən və ya müəyyən müddətdə orada yaşayan altı abşeronlu qəhrəmanın - Bəyalı Zülfəliyev, Elmar Daşdəmirov, Rəşad Hüseynov, Eltun Qasımov, Nurlan Ağakişiyev və Fərid Məmmədovun xatirəsinə ucaldılıb.
Qeyd edilib ki, ərazidə “Abad məhəllə” yaradılıb, 2 söhbətgah quraşdırılıb, mini-park salınıb, həmişəyaşıl gül kolları və müxtəlif növ ağaclar əkilib. Binanın həyəti asfaltlanıb, ərazi abadlaşdırılıb.
Bulaq kompleksinin açılışından sonra şəhid ailələri ilə görüşən rayon rəhbərliyi onların qayğıları və problemləri ilə maraqlanıb.
Məktəblilər şəhidlərə həsr olunan şeirlər səsləndiriblər.
Şəhid ailələri Prezident İlham Əliyevə təşəkkürlərini bildirərək, onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını ifadə ediblər.
Sonda şəhidlərin ruhuna dualar oxunub.