CƏMİYYƏT


Xırdalanda qənd istehsalı sexinin fəaliyyəti məhdudlaşdırılıb

Bakı, 16 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması istiqamətində mütəmadi olaraq monitorinqləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildirilib ki, həyata keçirilən növbəti monitorinqlər zamanı AQTA əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, R.Behbudov küçəsi, Yoncalı yaşayış massivi ünvanında fəaliyyət göstərən fiziki şəxs Ağayev Rüfət Seyfəddin oğluna məxsus “Qidam” əmtəə nişanlı qənd istehsalı sexinə baxış keçirilib.

İlkin baxış zamanı müəssisədə texniki reqlamentlərin və qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların, sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi aşkarlanıb.

Müəssisənin istehsal və anbar sahələrinə baxış zamanı istifadə olunan avadanlıqların paslandığı və kifləndiyi aşkar olunub. Həmçinin sexdə qablaşdırma sahəsi ilə eyni yerdə yerləşən anbarda qəndin çirklənməsinin qarşısının alınması məqsədilə hər hansı tədbir görülmədiyi müəyyən edilib.

Müəssisənin yararsız vəziyyətdə olan döşəməsində su yığıldığı və bunun da patogen mikroorqanizmlərin inkişafına və bioloji çirklənməyə yol açdığı müşahidə olunub. Eyni zamanda, məlum olunub ki, texnoloji prosesin sonunda doğranmış qənd ələkdən keçirilərək antisanitar vəziyyətdə olan plastik yeşiklərə yerləşdirilir.

Aşkar olunan nöqsanlar əsasında qanunvericiliyin tələbləri çərçivəsində standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına və satılmasına görə müəssisənin rəhbəri barəsində inzibati protokol tərtib edilib, qənd istehsalı sexinin fəaliyyəti məhdudlaşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.