REGİONLAR
Xızıda ölməz şair Mikayıl Müşfiqin xatirəsi anılıb VİDEO
Xızı, 6 yanvar, Elxan Yusifli, AZƏRTAC
Yanvarın 6-da Xızıda XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, 30-cu illər repressiyasının qurbanı Mikayıl Müşfiqin xatirəsi ehtiramla anılıb.
AZƏRTAC xəbər verir ki, nakam şairin ölümünün 77 illiyinə həsr olunan mərasim rayonun Sayadlar kəndində, Mikayıl Müşfiqin xatirə muzeyinin qarşısında keçirilib.
Ölməz şairin büstü ətrafına toplaşan şairlər, yazıçılar, elm və incəsənət xadimləri Mikayıl Müşfiqin həyat və yaradıcılığı haqqında danışıb, görkəmli poeziya ustasının ədəbiyyatımızda tutduğu mövqedən, lirikasının səciyyəvi cəhətlərindən geniş söhbət açıblar.
Bildirilib ki, adını Azərbaycan poeziyası tarixinə qızıl hərflərlə yazdırmağı bacaran Müşfiqin şeirləri yaşlı nəsillə bərabər, gənclərin də dillər əzbəridir.
Anma mərasimində “Şöhrət” ordenli, Əməkdar Müəllim, şair Ofeliya Babayeva, yazıçı-publisist Müşfiq Cabiroğlu, rəssam Minayə Dəyanətqızı və başqaları çıxış edərək görkəmli poeziya ustasının yaradıcılığının gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinə olduğunu qeyd ediblər.
Tədbirdə Xızı məktəbliləri nakam şairin şeirlərindən parçalar səsləndiriblər.