QAN YADDAŞI
Xocalı faciəsi qurbanlarının xatirəsi Avstraliyanın Sidney şəhərində də anılıb
Sidney, 27 fevral, AZƏRTAC
Avstraliya Azərbaycanlılarının Mədəniyyət Assosiasiyasının təşəbbüsü ilə Sidney şəhərində yerləşən “Canada Bay” klubunda Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş toplantı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Avstraliya parlamentinin üzvü Pol Linç, Türkiyənin Avstraliyadakı baş konsulu Əli Sevim, konsulluğun dini attaşesi Bilal Aksoy, Avstraliya-Azərbaycan-Türk Dostluq Birliyinin rəhbəri İmaməddin Qasımov, Assosiasiyanın üzvləri və digər xalqların nümayəndələri iştirak ediblər.
Tədbirdə Assosiasiyanın rəhbəri Elxan Məmmədov faciənin törədilməsinin səbəbləri və nəticələri barədə məlumat verib. Bildirib ki, 1992-ci il fevralın 26-na keçən gecə Xocalı şəhərində erməni separatçıları tərəfindən törədilən soyqırımı XX əsrin ən ağır cinayətlərindən biridir. Ermənilərin həmin şəhəri işğal edərək yandırması, yerli əhalini məhv etməsinin səbəbi məhz bu torpaqların azərbaycanlılara məxsus olduğunu sübut edən faktları aradan götürmək idi. Dinc sakinlərin şəhəri tərk etməsi üçün yaradılan dəhliz məhz tələ rolunu oynayıb və bunun nəticəsində aralarında uşaqların, qadınların və qocaların olduğu 613 nəfər amansızcasına qətlə yetirilib, 487 nəfər yaralanıb və 1275 nəfər müxtəlif işgəncələrə məruz qalıb. Həmin insanlar məhz azərbaycanlı olduqlarına görə bu əzaba məruz qalıblar.
Çıxış edən digər iştirakçılar bu faciənin erməni vandalları tərəfindən törədilməsi barədə fikirlərini səsləndiriblər. Qeyd ediblər ki, cəllad qəddarlığı ilə törədilmiş bu soyqırımı aktı heç vaxt Azərbaycan xalqının yaddaşından silinməyəcək.
Tədbirdə Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığı, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib Azərbaycan Ordusunun ötən ilin payızında həmin torpaqları erməni işğalçılarından azad etdiyi qeyd olunub. Vurğulanıb ki, bu tarixi Qələbə ata-baba torpaqlarından qovulmuş insanların doğma evlərinə qayıtmasına şərait yaradıb.
Çıxışlardan sonra Fikrət Əmirovun klassik əsərləri pianoda ifa edilib, “Sonsuz dəhliz” filmi nümayiş olunub.
Həmin gün Assosiasiyanın təşəbbüsü və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Sidney şəhərinin mərkəzi küçələri boyunca üzərində Xocalı soyqırımına dair həqiqətləri əks etdirən led-ekran olan avtomobil hərəkətdə olub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Sidney