QAN YADDAŞI
Xocalı soyqırımı bəşər tarixində ən dəhşətli cinayətlərdən biridir
Bakı, 23 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik A.Qarayev adına Fiziologiya İnstitutunda Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş toplantı keçirilib.
AMEA-dan AZƏRTAC –a bildirilib ki, institutun direktoru, biologiya elmləri doktoru Ulduz Həşimova 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda erməni quldurlarının törətdikləri ağlasığmaz vəhşiliklər, insan tələfatı barədə danışıb. O, respublikanın uzunömürlülük xəritəsinin hazırlanması məqsədilə aparılan elmi tədqiqatlar zamanı ən yüksək göstəricili regionun Qarabağ bölgəsi olduğunu bildirib.
İnstitut direktorunun elmi işlər üzrə müavini, fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd Hacıyev tarixin müxtəlif dönəmlərində xalqımızın üzləşdiyi soyqırımlarından, Xocalıda törədilən faciənin acılarından və bu hadisəyə verilən hüququ qiymətdən söz açıb.
Biologiya elmləri doktoru, professor Fəxrəddin Əskərov, biologiya üzrə fəlsəfə doktoru Хanağa Babayev, Gənc Alim və Mütəxəssislər Şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru Zenfira Qədimova ermənilərin yürütdükləri məkrli siyasətdən danışıb, onların Azərbaycanda törətdikləri bu soyqırımının dünyada ən dəhşətli cinayətlərdən biri olduğunu qeyd ediblər. Xalqımızın məruz qaldığı təcavüz barədə dünya ictimaiyyətini dolğun məlumatlandırmağın, erməni yalanlarını ifşa etməyin vacibliyi vurğulanıb.
Çıxışlarda Azərbaycanın dinc əhalisinə qarşı törədilən terror aktının dünya ictimaiyyəti tərəfindən lazımı qiymətini alacağına və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına inam ifadə edilib.