QAN YADDAŞI
Xocalı soyqırımı bütün bəşəriyyətə yönəlmiş ağır cinayət kimi tarixə düşüb
Bakı, 23 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunda Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunan “Bəşəriyyətə və sivilizasiyaya qarşı ağır cinayət: Ermənistanın Xocalıda törətdiyi soyqırımı” mövzusunda elmi seminar keçirilib.
Qafqazşünaslıq İnstitutundan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu elm müəssisəsinin direktoru, professor Musa Qasımlı Xocalı soyqırımı haqqında ətraflı məlumat verib. Vurğulanıb ki, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri blokada şəraitində olan köməksiz bir şəhərə - Xocalıya ağır texnika, tank və iriçaplı silahlarla hücuma keçib. Xocalı soyqırımı XX əsrin sonlarında yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə yönəlmiş ağır cinayət kimi tarixə düşüb.
M.Qasımlı diqqətə çatdırıb ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib. Sənəddə hadisənin başvermə səbəbləri təfsilatı ilə açıqlanıb. Eyni zamanda, Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, erməni qəsbkarlarının beynəlxalq müstəvidə ifşası mühüm vəzifə kimi qarşıya qoyulub. 2008-ci ildən başlayaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması məqsədilə “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası aparılır.
Tədbirdə institutun elmi işlər üzrə direktor müavini Rahil Nəcəfov, şöbə müdirləri Ramilə Dadaşova, Ziyad Əmrahov, Vasif Qafarov, Vahid Ömərov və Günel Musayeva Xocalıda törədilən soyqırımının ağır nəticələrindən danışıblar.