QAN YADDAŞI
“Xocalı soyqırımı dünya mediasında” mövzusunda “dəyirmi masa” keçirilib VİDEO
Bakı, 2 fevral, Aygün Həsənova, AZƏRTAC
Bakı şəhəri İlqar Məmmədov adına 298 nömrəli tam orta məktəbdə “Xocalı soyqırımı dünya mediasında” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, məktəbin müəllim və şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Dəyirmi masa”da çıxış edən müəllimə Elnurə Məmmədova Xocalı soyqırımının beynəlxalq ictimaiyyətdə tanınması istiqamətində dövlət səviyyəsində həyata keçirilən tədbirlərdən, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlərdən danışıb.
Elnurə Məmmədova məktəbin şagirdlərinin iştirakı ilə Xocalı soyqırımının dünya mediasında necə əks olunduğunu öyrənmək üçün araşdırma apardıqlarını bildirib. O, böyüməkdə olan nəslə XX əsrin bu dəhşətli faciəsi haqqında ətraflı məlumat vermək, onlarda düşmənə qarşı barışmazlıq hissinin aşılanmasında belə araşdırmaların aparılmasının vacibliyini diqqətə çatdırıb.
Müzakirələrdə iştirak edən şagirdlər erməni müəlliflərin özlərinin də Xocalı soyqırımından bəhs etdiklərini bildirib, dünyanın hələ də bu fakt qarşısında susduğunu təəssüflə qeyd ediblər.
Sonda çıxış edən məktəbin direktoru Şaiqə Hüseynova Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş “Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsi barədə Tədbirlər Planı”na və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən bütün məktəblərdə bu soyqırımına həsr edilən silsilə dərslərin keçirildiyini xatırladıb. O, bu dərslərin böyüməkdə olan nəslə doğma Vətənə sevgi, məhəbbət hissləri aşılamaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaq məqsədlərinə xidmət etdiyini bildirib.