REGİONLAR
Xocalı soyqırımı erməni millətçilərinin xalqımıza qarşı etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir
Astara, 26 fevral, Bağır Əliyev, AZƏRTAC
Fevralın 26-da ölkəmizin hər yerində olduğu kimi, Astara rayonunda da Xocalı soyqırımının 28-cı ildönümünə həsr olunmuş anım tədbirlərində faciə qurbanlarının xatirəsi dərin hüznlə yad edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, idarə, müəssisə və təşkilatların nümayəndələri, müharibə veteranları, yaşlı nəslin, gənclərin və ictimaiyyətin təmsilçiləri “Şəhidlər” abidə-kompleksinin, burada uyuyan qəhrəmanların məzarları önünə gül dəstələri düzərək, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini dərin hüznlə anıblar.
Mərasimdə şəhidlərin ruhuna dualar oxunub.
Rayon icra hakimiyyətinin məsul işçisi, “Xocalım-ağrım mənim” kitabının müəllifi Mərasim Hacızadə bildirib ki, XX əsrin ən ağır faciələrindən olan Xocalı qətliamı soyqırımı, Azərbaycan xalqının qan yaddaşına həkk olunmuş acı bir kədər, dərin bir üzüntüdür.
Qeyd olunub ki, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri SSRİ-nin 366 saylı motoatıcı alayının köməyi ilə Xocalının işğalını həyata keçirib. İşğalçılar Xocalını darmadağın edib, dinc əhalini xüsusi amansızlıqla qətlə yetiriblər.
Xocalı soyqırımı iki yüz ildən çox müddətdə təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir.
Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış Xocalı şəhərinin sakinlərindən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca öldürülüb, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər isə girov götürülüb.
Diqqətə çatdırılıb ki, Xocalı faciəsinə hüquqi və siyasi qiymət ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ildə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq Ermənistan işğalçı dövlət kimi tanınır.
Bir sıra ölkələrdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq informasiya və təşviqat kampaniyasının məqsədi dünya ictimaiyyətini Xocalı faciəsi ilə bağlı məlumatlandırmaq, qətliama hüquqi-siyasi qiymət verilməsinə və bu qanlı qırğının qurbanlarının xatirəsinin anılmasına nail olmaqdır. Bu xeyirxah əməl uğurla davam etdirilir.
Mərasim iştirakçıları abidə-kompleksinin önündə təşkil edilmiş Xocalı soyqırımından bəhs edən rəsm, foto və kitab sərgisi ilə tanış olublar.