QAN YADDAŞI
Xocalı soyqırımı qurbanlarının xatirəsi Belçikada da anılıb
Bakı, 24 fevral, AZƏRTAC
Belçikada fəaliyyət göstərən Azərbaycan–Belçika Dostluq Cəmiyyətinin üzvləri Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar anım mərasimi keçiriblər. Anım mərasimi mövcud pandemiya qaydalarına uyğun təşkil edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Belçikanın Ham şəhərində ucaldılmış Qarabağ atı abidəsinin önünə toplaşan Cəmiyyət üzvləri Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib, abidənin önünə gül dəstələri düzüblər.
Tədbirdə çıxış edənlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin Xocalının dinc sakinlərinə qarşı xüsusi amansızlıqla törətdikləri kütləvi qırğını insanlığa qarşı cinayət adlandırıblar. Dünya tarixinə qara səhifə kimi düşmüş Xocalı soyqırımının heç vaxt unudulmayacağını bildirən Cəmiyyət üzvləri erməni faşizmini hiddətlə pisləyiblər. Onlar bu cür faciələrin təkrarlanmaması üçün dünya birliyini Xocalı soyqırımını törədən cinayətkarların məsuliyyətə cəlb olunması məqsədilə beynəlxalq hüququn tələb etdiyi addımları atmağa çağırıblar.