QAN YADDAŞI
Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
Bakı, 27 fevral, Zərəngiz Mansurova, AZƏRTAC
“Qafqaz Media” və “Borçalı” İctimai Birliklərinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilən tədbirdə ölkəmizin tanınmış ziyalıları, elm və mədəniyyət xadimləri iştirak ediblər. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AZƏRTAC xəbər verir ki, “Qafqaz Media” İctimai Birliyinin sədri Azadə Taleh Abbasqızı Xocalı soyqırımını insanlığa qarşı törədilmiş ən böyük cinayət adlandırıb. Vurğulayıb ki, ermənilərin həyata keçirdiyi bu qanlı cinayət nəticəsində uşaqlar, qadınlar, qocalar qətlə yetirilib, yaralanıb, əsir düşüblər.
Anım mərasimində çıxış edən “Borçalı” İctimai Birliyinin sədri, tarix elmləri doktoru Kərəm Məmmədli Xocalı soyqırımı haqqında məlumat verib və bildirib ki, biz tarixdən ibrət dərsi götürməliyik.
K.Məmmədli vurğulayıb ki, qisas qiyamətə qalmayacaq. O, ədalətin zəfər çalacağına inandığını söyləyib.
Tədbirdə Xocalı İcra Hakimiyyətinin nümayəndəsi Xəlil Vəliyev, Xalq Artisti Eldost Bayram, tanınmış jurnalist İlyas Adgözəlli, Xocalı sakini, şəhid anası Mehriban Əliyeva və başqaları çıxış ediblər.
Tədbirdə “Xocalıya ədalət” sənədli filmi nümayiş olunub.
Sonda gənc müğənni Kamran Dəniz sözləri Azadə Taleh Abbasqızına məxsus olan “Xocalı” əsərini ifa edib.