QAN YADDAŞI
Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə Vyanada aksiya keçirilib
Vyana, 25 fevral, AZƏRTAC
Avstriyada fəaliyyət göstərən Avstriya Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyi fevralın 25-də Vyana şəhərinin mərkəzində yerləşən Ştefansplats meydanında Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş aksiya keçirib.
Aksiya iştirakçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və xüsusilə də Xocalı faciəsi haqda buklet və broşürləri, eləcə də Heydər Əliyev Fondu tərəfindən hazırlanmış informasiya materiallarını və almanca hazırlanmış vərəqələri yerli sakinlər arasında yayıblar. Meydanın mərkəzi hissəsində üzərində “Xocalıya ədalət!” yazılmış böyük lövhələr tutan tədbir iştirakçıları Xocalıda həlak olmuş günahsız insanların xatirəsini yad ediblər.
Tədbir iştirakçıları şəhər sakinlərinə ötən əsrin ən amansız qətliamlarından biri olan Xocalı soyqırımı barədə məlumat verib, ədalətin bərqərar olması üçün dünya ictimaiyyətinin bu məsələyə diqqət göstərməli olduğunu bildiriblər. Həmçinin Azərbaycanın regionda sülh və əmin-amanlığın hökm sürməsində maraqlı tərəf olduğunu vurğulayıblar. Qeyd edilib ki, vətəndaş cəmiyyəti fəallarını öz ətrafında birləşdirən “Ermənistan-Azərbaycan Sülh Platforması” və digər sülhsevər təşəbbüslər Azərbaycan tərəfinin sülh naminə konstruktiv mövqe nümayiş etdirməsinə bariz nümunədir.
Tədbirdə Avstriyada yaşayan soydaşlarımızla yanaşı, Vyanadakı türk cəmiyyətlərinin fəalları da iştirak ediblər.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana