QAN YADDAŞI
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Ukrayna, Belarus və Moldova mətbuatına müraciət ünvanlanıb
Bakı, 23 fevral, AZƏRTAC
AZƏRTAC-ın Ukrayna, Belarus və Moldova üzrə xüsusi müxbiri Emil Hüseynli Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı bəyanat ünvanlayıb.
Bu ölkələrin ümumilikdə 40-a yaxın informasiya agentliyi, portal və qəzetinə ünvanlanan bəyanatda Xocalı soyqırımı haqqında geniş məlumat verilib. Qeyd olunub ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb. Azərbaycanlılar tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınların törədilməsi ilə müşayiət olunub. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam edib. 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilib. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulub və bununla da Ermənistan monoetnik dövlətə çevrilib.
Xocalı soyqırımı mahiyyət etibarilə Holokost, Hernika, Xatın və digər soyqırımları kimi insanlığa qarşı törədilmiş cinayətlərlə eyni qəbildəndir. Ermənilər insanların başının dərisini soyub, başlarını və bədəninin digər orqanlarını kəsib, uşaqların gözlərini çıxarıb, hamilə qadınların qarnını yarıblar. Hücum zamanı Xocalıda istifadəsi qadağan olunmuş 5,45 kalibrli patronlardan və kimyəvi silahlardan istifadə edilib. Bütün bunlar Ermənistanın Cenevrə Konvensiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarşı soyqırımı həyata keçirdiyini təsdiqləyir.
Xocalı soyqırımının xüsusi amansızlıqla törədilməsi rus, gürcü, ingilis, fransız, alman, amerikan jurnalist və publisistləri, həmçinin digər ölkələrin KİV təmsilçilərini dəhşətə gətirib.
Bəyanatda dünya mediasının Xocalı soyqırımı barədə yazdıqları məlumatlara geniş yer verilib. Bildirilib ki, dünyanın bir çox ölkələri Xocalı soyqırımını tanıyıb. “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində bu soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılması istiqamətində tədbirlər davam etdiriləcək.
Müəllif Xocalı soyqırımı ilə bağlı statistika təqdim edib, Ukrayna KİV-lərini Ermənistanın işğalçılıq siyasətini və insanlığa qarşı törətdiyi cinayətləri pisləməyə çağırıb.