REGİONLAR
Xocavəndli gənclər seçki prosesi barədə məlumatlandırılıblar
Beyləqan, 24 yanvar, AZƏRTAC
Xocavənd rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə gənc seçicilər və ilk dəfə səs verəcək gənclərlə “Seçkilərə qatıl, iradəni ifadə et” devizi altında görüş keçirilib.
Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq təşkil edilən görüşdə ilk dəfə seçkidə iştirak edəcək gənclər, rayonun fəal, tanınan və uğur qazanmış gəncləri, həmçinin ictimaiyyət nümayəndələri iştirak edib.
Xocavəndli məcburi köçkünlər üçün Beyləqan rayonu ərazisində salınmış 500 ailəlik qəsəbədə keçirilən tədbirdə ölkəmizdə gənclərin ictimai-siyasi həyatda oynadığı fəal roldan, seçkilərin azad, demokratik və ədalətli şəkildə keçirilməsi üçün görülən işlərdən, seçki qanunvericiliyi və bu sahədə qəbul edilmiş hüquqi aktlar, seçki prosesinin gedişi, səsvermə proseduru və qaydalarından bəhs olunub. Çıxış edənlər seçkilərdə hər kəsin, xüsusən də cəmiyyətimizin aparıcı qüvvəsi olan gənclərin iştirakının əhəmiyyətli olduğunu bildirib, gəncləri fevralın 9-da keçiriləcək Milli Məclisə seçkilərə səsvermə prosesində fəal iştirak etməyə çağırıblar.
Tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılıb.