REGİONLAR


Xorvatiyanın Varajdin şəhərinin nümayəndə heyəti Şəkiyə səfər edib

Şəki, 12 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Şəki ilə qardaşlaşmış şəhərlərdən olan Xorvatiyanın Varajdin şəhərinin meri İvan Çehokun rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 10-dan 12-dək Şəkidə olub. Səfər Şəki və Varajdin şəhərləri arasında ötən il imzalanmış “Dostluq və əməkdaşlıq haqqında” xartiya əsasında reallaşıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nümayəndə heyətinin üzvləri əvvəlcə şəhər rəhbərliyi ilə görüşüblər. Şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov qonaqlara Şəkinin tarixi, mədəniyyəti, iqtisadiyyatı, turizm potensialı barədə məlumat verib. Bildirilib ki, Şəkidə qədimdən ipəkçilik və sənətkarlıq yüksək səviyyədə inkişaf edib. Şəki, həm də qədim tarixi-memarlıq abidələri ilə məşhurdur. Festivallar şəhəri kimi tanınan Şəkidə hər il beynəlxalq səviyyəli tədbirlər keçirilir.

İvan Çehok səmimi qonaqpərvərliyə görə minnətdarlığını bildirib, ötən il imzalanan xartiyanın Şəki ilə Varajdin şəhərləri arasında humanitar, iqtisadi və turizm sahələrində əlaqələrin yaranması və möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Sonra hər iki şəhərin rəhbərliyi adından qarşılıqlı şəkildə xatirə hədiyyələri təqdim olunub.

Şəkiyə səfərləri çərçivəsində xorvatiyalı qonaqlar daha sonra Heydər Əliyev Mərkəzində olub, Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən ekspozisiyaya baxıblar.

Sonra qonaqlar Kiş kəndində yerləşən qədim alban məbədini ziyarət ediblər. İnşa tarixi XVIII əsrin sonlarına aid edilən “Yuxarı Karvansaray” mehmanxana kompleksi və Azərbaycan memarlığının nadir incilərindən olan Şəki Xan Sarayı ilə tanışlıq xorvatiyalı qonaqların ürəyincə olub. Məlumat verilib ki, Xan Sarayı, həmçinin abidənin yerləşdiyi Şəki şəhərinin qədim tarixi mərkəzi bu ilin iyulunda UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Şəkiyə səfərləri çərçivəsində Varajdin şəhərinin nümayəndə heyəti “Azəripək” Məhdud Məsuliyyətli Cəmiyyətində də olub, istehsal prosesini izləyiblər.

Xorvatiyalı qonaqlar Şəkidən zəngin təəssüratlarla ayrılıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.