REGİONLAR
Xudat sakinindən çətənə kolları və qurudulmuş marixuana aşkar edilərək götürülüb
Xaçmaz, 1 avqust, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz Rayon Polis Şöbəsinin və Xudat Polis Bölməsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları və qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, iyulun 29-da keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Xudat şəhər sakini Cavid Əlimuradova məxsus evin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə bitkiləri aşkarlanaraq götürülüb.
Hal şahidlərinin iştirakı ilə həyətyanı sahəyə baxış zamanı oradan yaş çəkisi 2 kiloqram 810 qram təşkil edən, hündürlüyü 30-150 santimetr olan 11 ədəd çətənə kolu və ümumi çəkisi 500 qramdan artıq olan qurudulmuş marixuana aşkar olunub.
Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim edilib.
Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını satmaq üçün əkib-becərdiyini bildirib.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.