CƏMİYYƏT
Xudat şəhərində mağazada 100 kiloqram yararsız ət aşkarlanıb
Bakı, 17 may, AZƏRTAC
Əhalinin ərzaq təhlükəsizliyinin təmin olunması, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyəti qurumlarla birgə tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, daxil olmuş məlumat əsasında keçirilən növbəti belə tədbir mayın 16-da DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Xudat şəhərində keçirilib. Şəhərin O.Mirzəyev küçəsində yerləşən Rəvan Bağıyevə məxsus gül satışı mağazasındakı soyuducuda mənşəyi məlum olmayan 100 kiloqram ət aşkarlanıb.
Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.