CƏMİYYƏT
Xüsusi Təyinatlı Qüvvələrin giziri, şəhid Nəzər Əzizovun ailəsi ziyarət edilib
Bakı, 28 sentyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları sentyabrın 12-14-də Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alan zaman şəhidlik zirvəsinə ucalan gizir Nəzər Əzizovun Kürdəmir rayonunda yaşayan ailəsini ziyarət ediblər.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Nəzər Əzizov 10 ilə yaxın Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. Aprel döyüşləri və 44 günlük Vətən müharibəsində xüsusi qəhrəmanlıq göstərib.
Prezident İlham Əliyevin sərəncamları ilə "Cəbrayılın azad olunmasına görə", “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Nazirliyin əməkdaşları ailənin sosial-məişət vəziyyəti ilə maraqlanıb. Bildirilib ki, Prezident İlham Əliyevin şəhid ailələri və müharibə əlillərinə xüsusi qayğısının nəticəsi olaraq onlarla bağlı sosial dəstək proqramları icra olunur. Qəhrəman hərbçilərin ailələrinin sosial-məişət problemlərinin həlli istiqamətində davamlı addımlar atılır.