ELM VƏ TƏHSİL
Xüsusi istedada malik uşaqların birinci sinfə qəbulu üzrə müsabiqə başa çatıb
Bakı, 12 iyul, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil məktəblərinə altı yaşı cari ilin sentyabrın 16-dan dekabrın 31-dək tamam olacaq xüsusi istedada malik uşaqların birinci sinfə qəbulu üzrə müsabiqə başa çatıb.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, müvafiq müsabiqədə iştirak etmək üçün 1769 uşağın sorğusu yerləşdirilib. Nəticədə 1471 uşaq müsabiqədə uğur qazanıb.
Müsabiqə paytaxtdakı 42 nömrəli tam orta məktəbdə iyunun 20-dən iyulun 10-dək keçirilib.
Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də BŞTİ-nin nəzdindəki 287 nömrəli “Zəkalar” liseyi və 160 nömrəli Klassik Gimnaziyanın birinci sinfinə qəbul üzrə müsabiqədə iştirak edərək müvəffəq ola bilməyən cari ilin sentyabrın 16-dan dekabrın 31-dək altı yaşı tamam olacaq uşaqlar da ümumtəhsil müəssisələrinə qəbul üçün müsabiqədə iştirak ediblər.
Qeyd edək ki, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də BŞTİ-nin nəzdindəki 287 nömrəli “Zəkalar” liseyi və 160 nömrəli Klassik Gimnaziyaya birinci sinfə qəbul üzrə müsabiqə iyunun 6-dan 30-dək aparılıb. Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara müsabiqə həmin lisey və gimnaziyalarda həyata keçirilib. 287 nömrəli “Zəkalar” liseyi və 160 nömrəli Klassik Gimnaziyaya müsabiqə isə BŞTİ-nin nəzarəti ilə müvafiq lisey və gimnaziyada aparılıb. Bu barədə hər bir valideynin qeydiyyatdan keçdiyi mobil nömrəyə (və yaxud elektron poçta) mesaj göndərilib. Lisey və gimnaziyaların birinci sinfinə qəbul üzrə müsabiqədə iştirak edərək müvəffəq ola bilməyən uşaqların valideynləri lisey və yaxud gimnaziyaya yerləşdirdiyi sorğunu silərək ümumtəhsil müəssisələrinə birinci sinfə qəbul üçün müsabiqəyə yazılıblar. Müsabiqələrdə iştirak üçün qeydiyyatdan keçmiş 2865 uşaqdan 1628-i uğur qazanıb. Müsabiqədə iştirak edərək müvəffəq ola bilməyənlər isə iyulun 1-dən 10-na kimi ümumi təhsil müəssisələrinə xüsusi istedadlı uşaqların birinci sinfə qəbul üzrə müsabiqədə iştirak ediblər.
Məktəbəhazırlıq qruplarını uğurla başa vuraraq müvafiq sertifikat almış və altı yaşı bu il sentyabrın 16-dan dekabrın 31-dək tamam olacaq uşaqlar birinci sinfə müsabiqədənkənar qəbul ediliblər.
Xüsusi istedada malik uşaqların birinci sinfə qəbulu üzrə müsabiqə təhsil nazirinin “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl birinci sinfə qəbulu Qaydaları”nın təsdiqi barədə əmrinin tələblərinə müvafiq olaraq aparılıb.