REGİONLAR
Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri üçün seminar təşkil edilib
Gəncə, 16 avqust, Rauf Hacıyev, AZƏRTAC
Gəncə şəhərində xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri üçün “Davranışın idarə olunması və pozitiv valideynlik” mövzularında seminarların keçirilməsinə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Avropa İttifaqının maliyyə dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin idarəçiliyi ilə həyata keçirilən, Gəncə Avro-Atlantik Məlumat Mərkəzi, “Əlilliyi olan şəxslər üçün Mərkəz” (Gürcüstan) və Azərbaycana Birgə Yardım (UAFA) ictimai təşkilatlarının birgə icra etdiyi “Azərbaycanın Gəncə-Qazax və Gürcüstanın Kvemo-Kartli regionlarında sağlamlıq imkanları məhdud uşaqlar üçün yeni sosial xidmətlərin göstərilməsi ilə bağlı sərhəd bölgələri arasında əməkdaşlığın gücləndirilməsi” layihəsi çərçivəsində təşkil olunub.
Bu münasibətlə keçirilən tədbiri açan Gəncə Avro-Atlantik Məlumat Mərkəzi İdarə heyətinin sədri Mehman Xəlilov bildirib ki, valideynlər uşaqların inkişafında mühüm rol oynayırlar. Bu baxımdan xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri üçün “Davranışın idarə olunması və pozitiv valideynlik” mövzularında seminarın keçirilməsi mühüm əhəmiyyət kəsb edir.
Qeyd edilib ki, Gəncə şəhəri və ətraf rayonlarda yaşayan xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə fəal şəkildə inteqrasiyasının gücləndirilməsində yerli icmaların və ailələrin rolunun təşviqi məqsədi daşıyan bu tədbir “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğundur.
Məruzəçi ekspert, psixoloq Taciyə Mehdiyeva tədbir iştirakçılarına “Bioloji valideynlik”, “Sosial valideynlik”, “Uşaq və yaş psixologiyası”, “Ailə tipləri”, “Xəstə uşaq yox, fərqli uşaq valideyni olmaq”, “Pozitiv övlad yetişdirməyin üsulları” və “Ailədaxili münasibətlərin övlad tərbiyəsində rolu” mövzularında geniş məlumat verib.
Tədbirdə, həmçinin Gəncə Şəhər İcra Hakimiyyəti nümayəndəsi və UAFA təşkilatının Gəncə İcma əsaslı Reabilitasiya Mərkəzinin direktoru Rəzalə Abbasova da çıxış edib.
Seminar ərzində mövzu ətrafında müzakirələr və fikir mübadiləsi aparılıb, valideynlərin qrup işlərinin təqdimatları dinlənilib.
Sonda iştirakçılara layihə çərçivəsində nəşr edilmiş “Davranışın idarə olunması və pozitiv valideynlik” adlı broşür təqdim edilib.