REGİONLAR


YAP Bərdə rayon təşkilatının fəalları şəhid müəllimlərin ailələrini ziyarət ediblər

Bərdə, 6 oktyabr, AZƏRTAC

Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının üzvləri Bərdə şəhərində Ermənistanın törətdiyi terror nəticəsində həlak olan şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Fuad İsmayılovun və şəhər internat təmayüllü gimnaziyanın müəllimi Şəhriyar Mehdiyevanın ailələrini, Vətən müharibəsi şəhidi polkovnik-leytenant Mehman Qəmbərovun qardaşı, Qarağacı kənd məktəbinin müəllimi Cavid Qəmbərovu ziyarət ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Beynəlxalq Müəllimlər Günü ərəfəsində keçirilən görüş zamanı Ermənistanın ölkəmizə qarşı apardığı təcavüzkar siyasətdən, beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq mülki əhalinin yaşadığı məntəqələri atəşə tutmasından danışılıb. Söhbət zamanı YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya bildirib ki, Bərdə şəhəri və rayonun kəndləri 2020-ci oktyabrın 5-i, 8-i, 27-si, 28-i, eləcə də noyabrın 7-də Ermənistan Ordusunun raket və ağır artilleriya hücumlarına məruz qalıb. Bərdə rayonunda törədilən terror aktları nəticəsində 28 nəfər həlak olub, 108 nəfər yaralanıb.

Qeyd edilib ki, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi ilə erməni faşizminə son qoyuldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tarixi Qələbə qazanaraq ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, şəhidlərimizin qisası alındı. Qəhrəman oğullarımızın Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.