REGİONLAR
YAP Bərdə rayon təşkilatının üzvləri şəhid Rəşad Nadirovun ailəsini ziyarət ediblər
Bərdə, 12 iyun, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının üzvləri “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçu Nadirov Rəşad Nadim oğlunun ailəsini ziyarət ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, YAP fəalları və Bərdə şəhər 7 saylı tam orta məktəbin şagirdləri xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin məzarlarını ziyarət ediblər.
Şəhid Rəşad Nadirovun ailəsi ilə keçirilən görüşdə Azərbaycan Ordusunun 44 günlük müharibədə şücaətindən söhbət açılıb. Bildirilib ki, Rəşad Nadirov sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücuma başlanan Vətən müharibəsində Xocavənd və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib və şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Xocavəndin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib. Şəhidin qardaşı Elşad Nadirov da onunla birlikdə eyni istiqamətdə döyüşdə olub və yaralanıb.
YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya bildirib ki, 2020-ci il ölkəmiz üçün Qələbə ili kimi tarixə düşüb. 30 ilə yaxın işğal altında qalan torpaqlarımız Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində azad olunub. Qəhrəman gənclərimizin Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onların hər biri orden və medallarla təltif edilib, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunub.
Şəhidin anası Pərvanə Nadirova Rəşadın hərbidəki xidmətlərindən və ömür yolundan danışıb, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.
Görüş zamanı məktəblilər ümummilli lider Heydər Əliyev, Vətən, şəhidlər haqqında şeirlər söyləyiblər.