CƏMİYYƏT
YAP sıralarına qəbul edilmiş nazirlik əməkdaşlarına partiya vəsiqələri təqdim olunub
Bakı, 29 sentyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Yeni Azərbaycan Partiyasına (YAP) üzv qəbul edilmiş əməkdaşlarına partiya vəsiqələri təqdim olunub.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov partiyanın qurucusu ulu öndər Heydər Əliyevin Azərbaycan tarixindəki misilsiz xidmətlərindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyanın bugünkü fəaliyyətindən, YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafına verdiyi töhfələrdən danışıb. O diqqətə çatdırıb ki, son 15 ildə YAP dövlət başçısının uğurlu daxili və xarici siyasəti, məqsədyönlü islahatlar proqramı nəticəsində ölkəmizin bütün sahələrdə yeni uğurlar əldə etməsinə öz dəyərli tarixi töhfələrini verir. T.Əhmədov vurğulayıb ki, ƏƏSMN-in əməkdaşları partiyanın fəaliyyətində aktiv iştirak edirlər.
YAP Yasamal rayonu, S.Əsgərova 85 ərazi ilk partiya təşkilatının sədri, ƏƏSMN Aparatının rəhbəri Anar Əliyev kollektivin Prezident İlham Əliyevin əmək və sosial müdafiə sahəsində siyasətinin, bu sahə ilə bağlı islahatlar proqramının uğurlu icrası üçün səylərini daim artırdığını vurğulayıb.
İclasda YAP-a üzv qəbul olunmuş 79 nəfərə vəsiqələr təqdim edilib.
Xatırladaq ki, sentyabrın 26-da nazirliyin daha 160 əməkdaşı YAP-a üzvlüklə bağlı ərizə təqdim edib. Onlardan 63 nəfəri Yasamal rayon təşkilatına, digərləri isə aidiyyəti işlədiyi və ya qeydiyyatda olduqları ünvanlar üzrə ərazi partiya təşkilatlarına müraciət ediblər.