MƏDƏNİYYƏT
YARAT Müasir İncəsənət Mərkəzi Nəzrin Məmmədovanın “OUROBORUM” layihəsini təqdim edir
Bakı, 21 iyul, AZƏRTAC
İyulun 22-də YARAT Müasir İncəsənət Mərkəzinin videosalonunda gənc rəssam Nəzrin Məmmədovanın “OUROBORUM” layihəsi təqdim olunacaq. Layihə YARAT-ın “Səmadan bir damla” Bakıda keçirilən 3-cü pablik-art festivalı çərçivəsində reallaşdırılır.
YARAT Müasir İncəsənət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, “OUROBORUM” həm onlayn video oyunu – iOS əməliyyat sistemi üçün hazırlanmış proqram, həm kinetik enerjiyə malik “heykəl”, həm də klassik “ilan” ("snake") oyununun yeni formada təzahürüdür.
Bu, özlüyündə həm ardıcıl, həm də bir-birinə paralel dünyaları birləşdirən bədii aləmdir və “OUROBOROS” bunların hər birindən keçir. Oyunun adı qədim yunan əsatirlərindəki öz quyruğunu dişləyən ilan və ya əjdaha Oroborosa işarə vurur. İlan obrazı, ümumiyyətlə, dövrə vuran nəhayətsiz həyat, təkrarlanan yeniləşmə rəmzidir.
Oyun Bakıda həyata keçirilən möhtəşəm tikinti və sürətli yeni özünüdərk proseslərinə zəkalı şərh təqdim edir. Estetik baxımdan “OUROBORUM” İslam həndəsi naxışlarını Azərbaycanın həm ənənəvi, həm də müasir memarlıq və mədəniyyət cizgilərində – xalçaçılıq, parçalar və zərgərlik nümunələrində tapır. Görüntü ənənəvi Azərbaycan musiqi alətlərindən qaynaqlanan süni səslərlə müşayiət olunur. Oyunun video və səs baxımından təsir qüvvəsi eyni zamanda həm sistematik, həm də təsadüfi olan naxışlar dilinə əsaslanaraq, yeni texnologiyalar və kompyuter oyunları mədəniyyətinin ənənə ilə təzad təşkil etməsini vurğulamağı hədəfə alır. “OUROBORUM”un aspektləri arasında belə bir yanaşma da mövcuddur: oyun, ümumiyyətlə, elə bir könüllü əməldir ki, müəyyən zaman və məkan çərçivəsində həyata keçirilir, zehni və fiziki sınaq anlamına gəlir və xüsusi meydançada cərəyan etməsinə görə, bir də müəyyən uydurma və şərtlərinə görə gerçək aləmdən ayrılıb. Bu oyunun məqsədi ondan ibarətdir ki, oyunçu istədiyi kimi ilanı (elementi) idarə edərək, ilanın hərəkətini nəzarəti altında saxlayaraq həndəsi fiqurlar toplasın və beləliklə, yeni obyektlər quraşdırsın. İlanı idarəetmə aləti oyunçunun hədəfə aldığı fiqura görə ona ilanın həm sürətini, həm də boyunu dəyişməyə imkan verir.
“OUROBORUM” proqramını “App store” (iTunes) serverindən istənilən iOS platformalı cihaza pulsuz yükləmək olar.
Rəssamlar kollektivinə Nəzrin Məmmədova, Anton Filatov, Ernest Yakovlev daxildir.
Nəzrin Məmmədova 1989-cu ildə Kutaisi şəhərində (Gürcüstan) anadan olub. O, 2012-ci ildən Azərbaycan Fotoqraflar Birliyinin, habelə YARAT-ın idarə heyətinin fəal üzvüdür. Son vaxtların iştirak etdiyi sərgilər sırasında “Xəyallar zamanıdır”, IV Moskva Beynəlxalq Gənc İncəsənət Biennalesi, MMOMA, Moskva, GRID fotofestivalı, Vondel CS, Amsterdam, XVI Şarja İslam İncəsənəti Festivalı, Şarja İncəsənət Muzeyini qeyd etmək olar.
N.Məmmədova 2014-cü ildə Delfina Fondunun art-rezident proqramı üzrə Londonda ezamiyyətdə olub. Hazırda Bakıda yaşayıb- yaradır.