DÜNYA
YER KÜRƏSİ ƏHALİSİNİN ÇOXU ŞƏHƏRLƏRDƏ YAŞAYIR
AZƏRTAC İTAR-TASS-a istinadla xəbər verir ki, bəşəriyyət mühüm demoqrafik həddi keçmişdir - mayın 23-də planetin şəhər əhalisinin sayı kəndlərdə yaşayanlardan çox olmuşdur. Bunu ABŞ alimləri bildirmişlər.
Şimali Karolina ştatı Universitetinin və Corciya Universitetinin əməkdaşları BMT-nin məlumatına əsaslanmışlar. Həmin məlumata görə, 2010-cu ilədək planetin əhalisinin 51,3 faizi şəhərlərdə yaşayacaq və şəhər əhalisinin orta artım sürəti yüksələcəkdir. Nəticədə onlar belə qərara gəlmişlər ki, məhz 2007-ci il mayın 23-ü keçid günü olmuş və həmin gün təxminən 3 milyard 303 milyon 992 min nəfərdən ibarət şəhər əhalisi kəndlərdə yaşayan və təqribən 3 milyard 303 milyon 866 min nəfərdən ibarət əhalinin sayını ötüb keçmişdir.
Öz fikirlərini dərc etdirən alimlər, eyni zamanda, bunu şəhər əhalisinin kənd əhalisindən daha vacib olması kimi izah etməməyə çağırmışlar. Ekspertlərin sözlərinə görə, sakinlərin hər iki tipi bir-birindən müstəsna dərəcədə asılıdır. Mütəxəssislər izah edirlər ki, kəndlərdən göndərilən xammal şəhərlərdə emal olunur, istehsal edilən ərzaq isə həm şəhərlilər, həm də kənd sakinləri üçün nəzərdə tutulur. Onların sözlərinə görə, təmiz havanın, suyun, qidanın, meşə məhsullarının və mineralların mənbələri kənd rayonlarıdır. Şəhərlər müstəqil mövcud ola bilməz, kənd rayonları isə buna qadirdir. Şəhərlər kəndlərdən asılıdır.
Bununla belə, planetin məhz kənd rayonları yoxsulluq məkanıdır və onların köməyə ehtiyacı var. Ekspertlərin fikrincə, planetin gələcək urbanizm əmin-amanlığı kənd rayonları sakinlərinin rastlaşdığı problemlərin həllindən asılıdır.