İDMAN
Y.Nikolayev: “Həm Rusiya, həm də Azərbaycan idmançılarına azarkeşlik edəcəyəm” VİDEO
Moskva, 25 may, AZƏRTAC
Bakını çox sevirəm, şəhəriniz haqqında ən xoş xatirələrim var.
Bu sözləri Rusiyanın populyar televiziya aparıcısı, xalq artisti Yuri Nikolayev AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib.
1998-ci ildə Bakıya səfərini xatırlayan teleaparıcı dedi: “Sənətinə və şəxsiyyətinə çox səcdə etdiyim Müslüm Maqomayev o zaman mənə “Utrennyaya zvezda” proqramı ilə Azərbaycana gəlməyi təklif etdi. Mən, əlbəttə ki, razılaşdım, bu, mənim üçün böyük şərəf idi. Bakıda möhtəşəm konsertimiz oldu. Azərbaycanın o zamankı Prezidenti Heydər Əliyev də tamaşaçılar arasında idi. Heydər Əliyev konsertdən sonra səhnəyə qalxdı, rus və Azərbaycan dillərində həm tamaşaçılara, həm də bizə müraciət etdi. Bu, unudulmaz görüş idi”.
Tanınmış teleaparıcı qarşıdan gələn birinci Avropa Oyunları münasibətilə Azərbaycan xalqını təbrik edərək bildirdi: “Çox şadam ki, ilk Avropa Oyunları gözəl Bakı şəhərində keçiriləcək. Şəhərinizdə uzun müddətdir ki, olmamışam, ancaq son vaxtlar Bakının necə gözəlləşdiyini çoxlarından eşidirəm. Bakıda və Moskvada çoxlu azərbaycanlı dostlarım var. Bu dünya miqyaslı hadisə münasibətilə Azərbaycanı təbrik edirəm. Avropa Oyunlarına məmnuniyyətlə baxacağam, həm Rusiya, həm də Azərbaycan idmançılarına azarkeşlik edəcəyəm”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva