İDMAN
YUNANISTAN HÖKUMƏTİ YIĞMA FUTBOL KOMANDASINA BİR MİLYON AVRO BƏXŞ ETDİ
AZƏRTAC Yunanıstan mətbuatına istinadla xəbər verir ki, ölkə hökuməti ilk dəfə Avropa futbol çempionatının dörddə bir finalına çıxan milli komandanı mükafatlandırmaq qərarına gəlmişdir. İdman işləri naziri Yorqos Orfanos bildirmişdir ki, Yunanıstan yığması mükafat kimi bir milyon avro alacaqdır. Komanda Yunanıstan Futbol Federasiyasının da mükafatına layiq görülmüşdür. Federasiya komandaya iki milyon avro verəcəkdir.
Bundan əlavə, Yunanıstan komandası Avro-2004-də iştiraka görə UEFA-dan 6 milyon İsveçrə frankı, Portuqaliya futbolçuları üzərində qələbəyə görə bir milyon və ispaniyalılarla heç-heçəyə görə 500 min İsveçrə frankı alacaqdır.
Yunanıstan yığması Avro-2004-ün əsl kəşfi olmuşdur. O, çempionatın birinci görüşündə Portuqaliya komandasına 2:1 hesabı ilə qalib gəlmiş, sonra ispaniyalılarla heç-heçə (1:1) oynamış, axırıncı matçda isə Rusiya yığmasına uduzmuşdur – 1:2. Topların fərqinə görə yunanlar qitə birinciliyinin dörddə bir finalına vəsiqə qazanmışlar. Burada onlar indiki Avropa çempionları olan fransızlarla oynayacaqlar.