İDMAN
YUNANISTAN OLİMPİADANI KEÇİRMƏYƏ TAM HAZIRDIR
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, Yunanıstan hökumətinin sədri Konstantinos Karamanlis Afinadakı baş olimpiya idman kompleksi ilə tanışlıqdan sonra ölkəsinin 2004-cü ilin Oyunlarını keçirməyə tam hazır olduğunu bildirmişdir. Baş nazir demişdir ki, paytaxt və Yunanıstanın digər “olimpiyaçı” şəhərləri olimpiya ailəsinin üzvlərini, idmançıları, jurnalistləri və tamaşaçıları qəbul etməyə və onlara hər cür xidmət göstərməyə hazırdır. 10 gündən sonra Yunanıstan və onun xalqı bütün dünyaya sülh, qardaşlıq, yarış, əməkdaşlıq, humanizm və sivilizasiya nümunələri, eləcə də özünün indiki imkanlarını nümayiş etdirəcəkdir.
Yunanıstan baş milli müdafiə qərargahının rəisi general Georgios Antonakopulos da silahlı qüvvələrin Olimpiadanın təhlükəsizliyini təmin etməyə tam və hərtərəfli hazır olduğunu bildirmişdir.
Rəsmi məlumata görə, bu vəzifənin kompleks şəkildə həyata keçirilməsi üçün Yunanıstan 234 hərbi təyyarə və vertolyot, 51 hərbi gəmi, hava hücumundan müdafiə sistemlərinin 28 batareyasını, 500-dən çox yük maşını, 53 mindən artıq hərbi qulluqçu, 622 hərbi həkim və digər tibb işçisi, 25 təcili tibbi yardım maşını ayırmışdır.