ELM VƏ TƏHSİL
YUNİSEF VƏ TƏHSİL NAZİRLİYİ KONFRANS KEÇİRİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, YUNİSEF və Təhsil Nazirliyi tərəfindən təşkil edilmiş tədbirdə dövlət, qeyri-hökumət təşkilatlarının, beynəlxalq qurumların nümayəndələri iştirak edirdilər.
Konfransın əsas məqsədi azyaşlı uşaqların yaşamasını, böyüməsini, sosial, emosional və zehni inkişafını təmin edən milli siyasətin formalaşdırılmasını dəstəkləməkdən ibarət idi.
Təhsil naziri Misir Mərdanov tədbirdə çıxış edərək, əsası xalqımızın ümummilli lideri, müdrik dövlət xadimi Heydər Əliyev tərəfindən qoyulmuş təhsilimizin və yeni nəslin hərtərəfli inkişafı ilə bağlı proqramın əhəmiyyətindən danışmışdır.
Milli Məclisin deputatı Şahlar Əsgərov, insan hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanova, YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri, doktor Akif Saatçıoğlu azyaşlı uşaqların tərbiyəsi ilə əlaqədar aparılan işlərin əhəmiyyətindən söhbət açmışlar.
BMT-nin Dünya Ərzaq Proqramının nümayəndəsi Rəhman Çovdhuri və YUNİSEF-in proqram əlaqələndiricisi Cillian Vilkoks təmsil etdikləri təşkilatların erkən uşaqlıq dövrünün inkişafı ilə bağlı həyata keçirdikləri proqramlar barədə danışmışlar.
Tədbirdə Erkən Uşaqlıq Dövrünün İnkişafına İnteqrativ yanaşma ilə bağlı maraqlı təqdimatlar olmuş, ölkəmizdə Erkən Uşaqlıq Dövründə Qayğı və İnkişaf üzrə həyata keçirilən layihələr, YUNİSEF-in yardımı ilə EUDİİ üzrə milli siyasətin hazırlanmasına dair görülmüş işlər və s. haqqında geniş məlumatlar verilmişdir.