CƏMİYYƏT
Yanğın nəticəsində 16 hektar əraziyə ziyan dəyib
Bakı, 12 iyul, AZƏRTAC
Ötən gün saat 14 radələrində Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində baş vermiş yanğın təxminən 6 saat sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) və Fövqəladə Hallar Nazirliyinin (FHN) yerli qurumlarının əməkdaşlarının səyləri nəticəsində söndürülüb.
ETSN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ilkin hesablamalara görə, yanğın nəticəsində 16 hektar ərazidə quru ot və kol örtüyünə ziyan dəyib.
Yanğının baş verdiyi ərazi əsasən, dəniz sahili, qamışlıq-bataqlıqdan ibarətdir. Bununla yanaşı, müşayiət olunan külək onun söndürülməsində bir qədər çətinlik yaradıb. Əraziyə cəlb olunmuş FHN-in Lənkəran və Masallı rayonlarının yanğından mühafizə bölmələrinin texnika və canlı qüvvəsindən, Qızılağac Dövlət Təbiət Qoruğunun və ETSN-in müvafiq yerli qurumlarının əməkdaşlarının əl əməyindən istifadə edilməklə həyata keçirilən intensiv tədbirlər nəticəsində yanğının söndürülməsinə nail olunub.
Yanğının hansı səbəbdən baş verməsi və dəymiş ziyanın həcminin müəyyən olunması məqsədilə hazırda araşdırma aparılır.