CƏMİYYƏT
Yanğın təhlükəsizliyi qaydalarına riayət edilməlidir
Bakı, 27 oktyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi payız-qış mövsümünə hazırlıq çərçivəsində oktyabrın 27-də Binəqədi Rayon İcra Hakimiyyəti ilə birgə “Yanğın təhlükəsizliyinin təmin olunmasında fövqəladə hallar, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda növbəti rayon müşavirəsi keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının qərargahında keçirilən tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov baş verən yanğın faciələrinin və dəm qazı zəhərlənmələrinin qarşısının alınması üçün əhalinin maariflənməsinə böyük ehtiyac olduğunu vurğulayıb.
FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin və Binəqədi Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin nümayəndələri müvafiq olaraq “Yaşayış massivlərində yanğınların başvermə səbəbləri: potensial təhlükələr və onların aradan qaldırılma yolları” və “Yanğınların söndürülməsi prosesində qarşıya çıxan problemlər və onların həlli yolları” mövzularında çıxışlar edib, yanğınların başvermə səbəbləri, onlardan qorunma yolları, eləcə də yanğın hadisələri zamanı qarşıya çıxan problemlər barədə danışıblar.
Çıxışlardan sonra məişətdə yanğın təhlükəsizliyi, dəm qazı və odsöndürən balondan istifadə qaydaları ilə bağlı videoçarxlar nümayiş olunub.
Rayonun enerji təchizatı və satışı idarəsinin, mənzil kommunal təsərrüfat birliyinin, təcili və təxirəsalınmaz yardım stansiyasının əməkdaşları “Rayonda enerji təchizatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, “Yaşayış binalarında yanğın təhlükəsizliyinin vəziyyəti” və “Yanğın zamanı ilkin tibbi yardım” mövzularında çıxışlar ediblər.
Bakı Regional Mərkəzinin rəis müavini, polkovnik-leytenant Elnur Qasımov qeyd edib ki, yalnız aidiyyəti qurumların birgə fəaliyyəti, maarifləndirmə işinin daha da gücləndirilməsi və əhalinin yanğın təhlükəsizliyi qaydalarına riayət etməsi sayəsində baş verən bədbəxt hadisələrin sayı minimuma endirilə bilər.