CƏMİYYƏT
Yanğınsöndürənlərin psixoloji hazırlığı artırılır
Bakı, 17 aprel, AZƏRTAC
Aprelin 17-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinin tibbi və psixoloji yardımın təşkili şöbəsi tərəfindən nazirliyin Xətai rayonunda yerləşən inzibati binasının akt zalında Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları üçün növbəti maarifləndirmə tədbiri keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, toplantı DYMX-nin fəaliyyət xüsusiyyətlərinə müvafiq olaraq termiki yanıqlar və dəm qazı ilə zəhərlənmələr zamanı ilkin tibbi yardımın göstərilməsi qaydalarına, həmçinin yanğınsöndürənlərin psixoloji hazırlığı, ilkin psixoloji yardımın göstərilməsinə dair mövzulara həsr edilib.
Tədbiri giriş sözü ilə açan Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinin əməkdaşı tibb xidməti mayoru Xanım Sofiyeva Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşlarının şərəfli peşəsinin psixoloji xüsusiyyətlərini, yanğınsöndürənlərin vacib peşəkar keyfiyyətlərini qeyd edib, fövqəladə halların nəticələrinin aradan qaldırılması istiqamətində aparılan müxtəlif xarakterli qəza-xilasetmə işləri zamanı zərər çəkmiş şəxslərə və onların yaxınlarına mənəvi dəstəyin göstərilməsinin vacibliyini diqqətə çatdırıb.
Baş idarənin əməkdaşı, tibb xidməti kapitanı Leyla Babayeva termiki yanıqlar, tənəffüs yollarının yanıqları, eləcə də dəm qazı ilə zəhərlənmə, belə hallarda göstərilən ilkin tibbi yardım barədə məlumat verib. Leytenant Davud Sultanov isə psixoloji hazırlığın, eyni zamanda, zərərçəkənlərə psixoloji yardımın əhəmiyyətindən danışıb.
Tədbirdə mövzular ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.