DÜNYA
Yaponiya özünümüdafiə qüvvələrini Yaxın Şərqə göndərməyi planlaşdırmır
Tokio, 16 iyul, AZƏRTAC
Yaponiya hökuməti özünümüdafiə qüvvələrini ABŞ-ın təklifi ilə Hörmüz körfəzində təhlükəsizliyin təmin edilməsi məqsədilə koalisiya yaratmaq üçün Yaxın Şərqə göndərməyi planlaşdırmır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Yaponiyanın Müdafiə naziri Takeşi İvaya deyib.
ABŞ qərargah rəislərinin birləşmiş komitəsinin sədri general Cozef Danford iyulun 9-da deyib ki, Vaşinqton bir sıra ölkələrlə bu koalisiyanın məqsədəuyğunluğunu müzakirə edir.
İyulun 16-da T.İvaya jurnalistlərə bildirib ki, Yaponiya hökuməti regionda artan gərginlikdən narahatdır və hazırda həmin ərazidə nisbi sakitlik mövcuddur.
Nazir, həmçinin bildirib ki, Yaponiya hökuməti ABŞ administrasiyası ilə tez-tez əlaqəyə girsə də, özünümüdafiə qüvvələrinin koalisiyada iştirak etmək üçün göndərilməsini nəzərdə tutmur.
Yaxın Şərq regionunun enerji təhlükəsizliyində mühüm rolunu qeyd edən T.İvaya əlavə edib ki, ehtiyac yaranacağı təqdirdə müxtəlif variantlar mümkündür. Nazir bununla Yaponiyanın vəziyyətə uyğun hərəkət edəcəyinə işarə vurub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio