DÜNYA


Yaponiya və ABŞ hərbi əməkdaşlığı gücləndirir

Tokio,18 avqust, AZƏRTAC

AZƏRTAC xəbər verir ki, Yaponiya və ABŞ-ın xarici işlər və müdafiə nazirlərinin avqustun 17-də Vaşinqtonda keçirilən “2+2” formatında görüşündən sonra tərəflər birgə bəyanatla çıxış ediblər.

Şimali Koreyanın nüvə və raket proqramlarına xüsusi diqqətin yetirildiyi bəyanatda qeyd edilir ki, Pxenyanın bu proqramları yeni mərhələyə qədəm qoymaqla həm regional, həm də beynəlxalq təhlükəsizlik üçün artmaqda davam edən təhdiddir.

Sənəddə deyilir: “Nazirlər Şimali Koreya tərəfindən təkrarlanan, nüvə və ballistik raket potensialının inkişafına xidmət edən təxribatları kəskin şəkildə pisləyərək qeyd edirlər ki, yeni mərhələyə qədəm qoyan bu addımlar regional və beynəlxalq sülhə və sabitliyə artmaqda davam edən təhdidlərdir. Nazirlər bu təhdidlərin qarşısını almaq və onlara cavab vermək üçün ABŞ-Yaponiya ittifaqının potensialının artırılmasına sadiqdirlər”.

Danışıqlar zamanı əldə edilən razılığa əsasən, ABŞ və Yaponiya dünyanın digər ölkələri ilə birlikdə Şimali Koreyaya qarşı təzyiqi artıraraq, onu raket və nüvə proqramlarından imtina etməyə və Koreya yarımadasının tam və qəti şəkildə nüvəsizləşdirilməsi üçün konkret addımlar atmağa məcbur edəcəklər.

ABŞ və Yaponiya Çinə müraciət edərək Şimali Koreyaya qarşı qəti qərarlar qəbul etməyə, onu nüvə-raket potensialının yaradılmasına istiqamətlənmiş xətdən imtinaya məcbur etməyə çağırırlar.

Bəyanatda, həmçinin qeyd edilir ki, Yaponiya ABŞ ilə hərbi ittifaqda daha əhəmiyyətli rol oynamağa başlayacaq.

Sənəddə vurğulanır ki, tərəflər ABŞ-Yaponiya ittifaqının daha da möhkəmlənməsi üçün konkret tədbirlər həyata keçirəcəklər. Yaponiya bu ittifaqda öz rolunu yüksəltməklə müdafiə qabiliyyətini daha da artıracaq. ABŞ isə Yaponiyada ən müasir vasitələrin yerləşdirilməsinə sadiq qalacaq.

Sonda bildirilir ki, Tokio və Vaşinqton ikitərəfli hərbi planlaşdırma, hava və raket hücumundan müdafiə, mülki əhalinin təxliyəsi üzrə əməliyyatlar, yeni müdafiə texnologiyalarının hazırlanması və kəşfiyyat kimi sahələrdə də əməkdaşlığı genişləndirəcək və sürətləndirəcəklər.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.