DÜNYA
Yaponiya və Koreya Respublikası kəşfiyyat məlumatlarının mübadiləsi barədə razılığa gələ bilməyiblər
Tokio, 17 noyabr, AZƏRTAC
Yaponiyanın və Koreya Respublikasının Müdafiə nazirləri iki ölkə arasında kəşfiyyat məlumatlarının mübadiləsi haqqında müqavilənin uzadılması barədə razılığa gələ bilməyiblər.
AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, Banqkokda bir araya gələn tərəflər razılığa gələ bilməsələr də, Şimali Koreyanın nüvə silahı problemi ilə bağlı ABŞ-la hərbi əməkdaşlığın vacibliyini qeyd ediblər.
Qeyd edək ki, bu, Yaponiya və Koreya Respublikasının Müdafiə nazirlərinin ilk ikitərəfli görüşü zamanı olub.
Yaponiyanın Müdafiə naziri həmkarını dərindən düşünməyə və Seulun Tokio ilə GSOMIA adlı müqavilə çərçivəsində Şimali Koreya ilə bağlı kəşfiyyat mübadiləsinin dayandırılması barədə qərarına yenidən baxmağa çağırıb.
Koreyalı nazir isə öz növbəsində bildirib ki, müqavilədən imtina edilməsinin səbəbi Tokionun elektronika üçün nəzərdə tutulan bir sıra nanotexnologiyaların ixracına nəzarəti gücləndirməsidir. Nazir qeyd edib ki, o, qarşı tərəfi məsələnin diplomatik həlli yoluna və ixraca məhdudiyyəti aradan qaldırmağa çağırıb.
Qeyd edək ki, tərəflər arasındakı mübahisə ABŞ-ın Vaşinqton-Tokio-Seul ittifaqını qorumaq cəhdinə ciddi zərbə vurur.
Kyodo agentliyinin yaydığı məlumata görə, Banqkokda təşkil edilən ASEAN ölkələrinin Müdafiə nazirlərinin görüşü zamanı ABŞ-ın Müdafiə naziri Mark Esper Taro Kono və Çon Qyon Du ilə üçtərəfli görüş də keçirib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio