DÜNYA
Yaponiya və Vyetnam liderləri iki ölkə arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər
Tokio, 24 noyabr, AZƏRTAC
Yaponiyanın Baş naziri Fumio Kişida Vyetnamın Baş naziri Fam Vin Çen ilə iki ölkə arasında təhlükəsizlik sahəsində və koronavirusdan sonra iqtisadiyyatın bərpası istiqamətində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
AZƏRTAC xəbər verir ki, iki lider arasında noyabrın 24-də Tokioda keçirilən görüş Yaponiyanın yeni Baş nazirinin paytaxtda xarici liderlə ilk görüşü olub. Görüş zamanı liderlərin digər regional məsələlərlə yanaşı, azad və açıq Hind-Sakit okean regionunun yaradılması məsələsini də müzakirə etdikləri bildirilir.
Kyodo agentliyinin məlumatına görə, bu ərəfədə Yaponiyanın müdafiə naziri Nobuo Kişi vyetnamlı həmkarı Fan Van Canqla görüşərək regional sularda status-kvonun dəyişdirilməsi cəhdlərinin qarşısını qətiyyətlə almaq barədə razılığa gəliblər.
Bu iki liderin görüşü tərəflər arasında sentyabrda imzalanan və Yaponiya müdafiə texnologiyalarının Vyetnam tərəfinə verilməsini nəzərdə tutan ikitərəfli müqavilədən sonra ilk dəfə keçirilib.
Görüşdə liderlər, eyni zamanda, təchizat zəncirinin daha da möhkəmləndirilməsi məsələsini müzakirə ediblər.
Qeyd edək ki, Yaponiya şirkətləri Vyetnamda çoxsaylı zavodlara malik olmaqla yanaşı, öz məhsullarında bu ölkənin istehsal etdiyi komponentlərdən də geniş şəkildə faydalanırlar.
Əlavə olaraq bildirək ki, Vyetnamın Baş naziri Fam Vin Çen cari ilin aprelində bu vəzifəyə seçilənədək iki ölkənin parlamentləri arasında dostluq qrupunun həmsədri olub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio