DÜNYA
Yaponiyada “Fukusima-1” AES-ə həsr edilən xatirə muzeyi inşa olunub
Tokio, 14 sentyabr, AZƏRTAC
Yaponiyanın Fukusima prefekturasında “Fukusima-1” atom elektrik stansiyasında (AES) 2011-ci ilin mart zəlzələsindən sonra baş vermiş qəzanın xatirəsinə həsr edilən muzey inşa olunub.
AZƏRTAC xəbər verir ki, muzeyin inşasında məqsəd 2011-ci il qəzası barədə xatirələri gələcək nəsillərə ötürmək və onun dərslərindən nəticə çıxarmaqdır.
Fukusima prefekturasının Futaba şəhərində inşa edilən muzeyə prefektura hökuməti tərəfindən 5,3 milyard yen vəsait sərf olunub. Muzeyin ilk ziyarətçiləri sentyabrın 20-də qəbul edəcəyi planlaşdırılır.
Ümumilikdə 5300 kvadratmetr sahəyə malik üçmərtəbəli muzeydə təqribən 150 eksponat nümayiş olunur. Burada böyük monitorlarda göstərilən multimedia təqdimatlarında qəza baş verən anda AES-dəki vəziyyət, regiondan təxliyə edilən sakinlərin həyatı və zərərçəkmiş rayonların bərpası istiqamətində aparılan işlərdən bəhs olunur.
Muzeyin eksponatları arasında təxliyə mərkəzində qəza ilə əlaqədar həyata keçirilən işlərin əks olunduğu ağ lövhə xüsusi yer tutur. Burada əks olunan qeydlər real şəraitdə avadanlığın vəziyyəti, əlaqədar şəxslərin qəza zamanı atdığı addımlar öz əksini tapıb.
Qəzadan sonra Futaba şəhəri bütün sakinlərin təxliyə edildiyi məcburi təxliyə zonası elan edilib. Sonralar bu şəhər “Ruhlar şəhəri” adını alıb. Şəhərin bir sıra rayonlarında təxliyə barədə əmr 2020-ci ilin martında ləğv olunub. Muzey təxliyə barədə əmrin ləğv olunduğu rayonun ərazisində inşa edilib.
Xatırladaq ki, 2011-ci il martın 11-də baş vermiş güclü zəlzələ və nəhəng sunamidən sonra 470 mindən çox yapon öz evini tərk edib. Həmin vaxt təbii fəlakət nəticəsində 15 min 899 nəfər həlak olub, 2529 nəfər isə itkin düşüb. Zəlzələdən sonra yaranan sunami nəticəsində “Fukusima-1” AES-də qəza baş verib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio