ELM VƏ TƏHSİL


Yaponiyalı şagird: Azərbaycan xatirələrimdə heyranedici bir ölkə kimi həmişəlik qalacaq VİDEO

İto, 19 avqust, AZƏRTAC

Azərbaycan xatirələrimdə heyranedici bir ölkə kimi həmişəlik qalacaq. Bu sözləri AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə müsahibəsində Şizuoka prefekturasının Mişima məktəbinin X sinif şagirdi Leon Kaneko deyib.

Ötən ilin avqustunda Azərbaycana, o cümlədən İsmayıllı rayonuna səfərin onda böyük təəssüratlar doğurduğunu vurğulayan L.Kaneko bildirib ki, xalqımızın qonaqpərvərliyi, mehribanlığı və səmimiyyəti yalnız onu deyil, onunla birlikdə səfərdə iştirak edən digər yaponları da heyran edib.

Yapon şagird səfərin İsmayıllı rayonu və Yaponiyanın İto şəhəri arasında imzalanmış Dostluq Mübadiləsi Haqqında Saziş çərçivəsində baş tutduğunu və ümumilikdə 12 gün davam etdiyini xatırladıb. Qeyd edib ki, o və nümayəndə heyətinin digər üzvləri - “İto Beynəlxalq Əməkdaşlıq Təşkilatı”nın təmsilçisi, qrupun rəhbəri Tsuneo Konişi və Yokosuka məktəbinin şagirdi Sekikava Kiyotatsu səfər proqramına uyğun olaraq İsmayıllı ilə yanaşı Bakı şəhərinə, Basqal qəsəbəsinə, Lahıc və İvanovka kəndlərinə, həmçinin Qəbələ, Şəki və Qax rayonlarına səyahət ediblər. Bakının modern bir şəhər kimi onları heyran etdiyini vurğulayan yapon məktəbli səfər zamanı tanış olduqları yaşayış məntəqələrinin də müasir inkişafı ilə diqqəti cəlb etdiyini deyib. “Homestay” proqramı çərçivəsində bir neçə ailədə qonaq qalan yaponlar milli adət-ənənələrimiz, mədəniyyətimiz və mətbəximizlə də yaxından tanış olmaq imkanı qazanıblar.

Atasının keçmiş SSRİ-də doğulmuş rusiyalı olduğuna görə Azərbaycana səfərin onun böyük arzusu olduğunu söyləyən L.Kaneko ölkəmizin həm təhsili, həm müasir inkişafı, həm də gənclərin geniş dünyagörüşünə malik olması ilə onu heyrətləndirdiyini deyib. Bildirib ki, İsmayıllının bir əyalət şəhəri olmasına baxmayaraq, buradakı şagirdlərin bir neçə əcnəbi dildə danışması, bilik səviyyələri onun çox xoşuna gəlib. Azərbaycanlı məktəblilərin Yaponiyaya səfəri zamanı onlarla dostlaşdığını, bu gün də sıx əlaqə saxladığını bildirən L.Kaneko ötənilki səfərdən sonra Azərbaycanda dostlarının sayının xeyli artdığını deyib.

Növbəti dəfə Azərbaycana böyük məmnuniyyətlə səfər etməyə hazır olduğunu vurğulayan yapon məktəbli bildirib ki, İsmayıllı və İto şəhərlərinin məktəbliləri arasındakı dostluq əlaqələri yalnız bu şəhərlərin sakinləri üçün deyil, eyni zamanda Azərbaycan və yapon xalqlarının bir-birlərini daha yaxından tanıması və dostluq əlaqələri qurması baxımından da əhəmiyyətli olacaq.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

İto

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.