DÜNYA


Yaponiyanın cənub-qərbində yerləşən Aso vulkanı püskürüb VİDEO

Tokio, 20 oktyabr, AZƏRTAC

Oktyabrın 20-də Yaponiyanın cənub-qərbində yerləşən Kyüşü adasındakı Aso vulkanı püskürüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. NHK telekanalının yaydığı kadrlarda Kumamoto prefekturasında yerləşən vulkandan qalxan qara tüstü aydın görünür. Püskürmə anında vulkanın yaxınlığında yerləşən dayanacaqda bir neçə avtobusun və 20-dək avtomobilin olduğu bildirilir.

Zərərçəkənlər və dağıntılar barədə hələlik məlumat verilmir. Həmçinin vulkan püskürməsinin hava nəqliyyat xətlərində hərəkətə təsiri barədə də məlumat yoxdur.

Yaponiya Meteorologiya Agentliyi beş ballıq cədvəl üzrə üçüncü dərəcəli xəbərdarlıq yayıb. Vulkandan təqribən bir kilometr məsafədə böyük daşlar və piroklastik axıntı qeydə alınıb. Vulkana iki kilometr məsafədə yaxınlaşmaq qadağan edilib.

Yaponiya Nazirlər Kabinetinin baş katibinin müavini Yoşihiko İsozaki Tokioda keçirilən mətbuat konfransında hazırda hökumətin vəziyyətlə bağlı məlumatları topladığını bildirib. Həmçinin Baş nazirin dəftərxanası yanında böhran qərargahının yaradıldığını deyib.

Qeyd edək ki, Aso dünyanın ən böyük vulkanlarından biridir. Onun hündürlüyü 1592 metrə çatır. Burada tez-tez müxtəlif səviyyəli püskürmələr qeydə alınır. Son püskürmə isə 2019-cu ildə baş verib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.