MƏDƏNİYYƏT
“Yaradıcı oxucularımız” layihəsi çərçivəsində uşaqlar üçün yeni kitab işıq üzü görüb
Bakı, 17 aprel, AZƏRTAC
Yazıçı-publisist Zöhrə Əsgərovanın uşaqlar üçün yazılmış “Здесь ангел пролeтел...” (“Burdan mələk ötüb...”) kitabı işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, kitab yazıçının Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanası ilə birgə həyata keçirdiyi “Yaradıcı oxucularımız” layihəsi əsasında nəşr olunub.
Kitab mövzu baxımından maraqlı və rəngarəngdir. 17 hekayədən ibarət olan nəşr kiçik və orta məktəb yaşlı uşaqlar üçün nəzərdə tutulub. Burada uşaqların nəcib, xeyirxah vətəndaş kimi formalaşmasında onlara istiqamət verən yaşlı nəslin ailədə, cəmiyyətdə fəal iştirakı öz əksini tapıb. Müəllif dünya xalqlarının nağıllarına, dünya ədəbiyyatına müraciət etməklə, tərbiyəvi əhəmiyyət daşıyan mövzuların bu gün də aktual olduğunu nəzərə çatdırıb. Kitabda Azərbaycanın dilbər guşəsi olan Qarabağ haqqında maraqlı fikirlər əks olunub.