İQTİSADİYYAT
Yardımlı rayonunun Uragaran kəndində yeni körpü istifadəyə verilmişdir
Yardımlı, 30 noyabr (AZƏRTAC). Yardımlı rayonunun Uragaran kəndində yeni körpü istifadəyə verilmişdir.
AZƏRTAC xəbər verir ki, rayonun səkkiz yaşayış məntəqəsinin-Uragaran, Nisəqala, Dagüzü, Avun, Peştəsər, Qaraqaya, Alar və Şıxhüseynli kəndlərinin 6 mindən çox əhalisinin istifadə edəcəyi yeni körpü Viləşçay üzərində inşa edilmişdir. Körpünün uzunluğu 10 metr, eni 3,5 metr, hündürlüyü isə 4 metrdir.
Bu münasibətlə keçirilən mərasimdə çıxış edənlər əlamətdar hadisə münasibətilə sakinləri təbrik etmiş, regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramında müəyyən olunmuş tədbirlərin icrası istiqamətində görülən işlərdən, həyata keçirilən sosial layihələrin əhəmiyyətindən danışmışlar.
Kənd sakinləri onların sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.
Mərasimdə Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov iştirak etmişdir.