REGİONLAR
Yardımlı: yeni dərs ilində qarşıda duran vəzifələr müzakirə edilib
Yardımlı, 12 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Yardımlı rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransında ötən tədris ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov, Milli Məclisin deputatı Musa Qasımlı, Təhsil Nazirliyinin əməkdaşı Rövşən Ağayev Yardımlının təhsil işçilərini yeni dərs ilinin başlanması münasibətilə təbrik ediblər.
Toplantıda rayon təhsil şöbəsinin müdiri Manaf Səmədzadənin “2016-2017-ci tədris ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr” mövzusunda məruzəsi dinlənilib.
Konfransda çıxış edənlər ötən tədris ilində qazanılmış uğurlardan, mövcud problemlər və onların həlli yollarından danışaraq ölkəmizdə təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə və təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Tədbirdə builki qəbul imtahanlarında 500-dən yuxarı bal toplayan məzunlara fəxri fərman, hədiyyə və pul mükafatları verilib.
Sonda konfrans iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.