REGİONLAR
Yardımlıda Azərbaycanın Milli Qəhrəmanı Bəhruz Mansurovun xatirəsi anılıb
Yardımlı, 13 mart, Bağır Əliyev, AZƏRTAC
Martın 13-də Yardımlı rayonunun Telavar kəndində Azərbaycanın Milli Qəhrəmanı Bəhruz Mansurovun doğum günü ilə əlaqədar anım tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhidin yaxınları Milli Qəhrəmanın məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.
Mərasimdə çıxış edənlər Milli Qəhrəman Bəhruz Mansurovun şücaətindən, Vətənə məhəbbətindən danışıb, onun rəşadətli ömür yolunun gənclərə örnək olduğunu bildiriblər. Qeyd edilib ki, 1975-ci il martın 13-də Yardımlı rayonunun Telavar kəndində anadan olan Bəhruz Mansurov orta təhsilini doğma kəndində alıb. O, orta məktəbi bitirdikdən sonra Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin sərhəd qoşunları fakültəsində təhsilini davam etdirib. Təhsil aldığı müddətdə - 1995-ci il martın 16-da Azərbaycanın başı üstünü qara buludlar alarkən Bəhruz əlinə silah alaraq Vətənin müdafiəsinə qalxıb. Ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üzləşdiyi vaxt 20 yaşlı Bəhruz da Vətən borcunu yerinə yetirib. Silahlı dəstəni zərərsizləşdirmək tapşırığı alan B.Mansurov namərd gülləsinə tuş gələrək ağır yaralanıb. Çoxlu qan itirdiyindən onun həyatını xilas etmək mümkün olmayıb.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 4 aprel tarixli Fərmanı ilə Mansurov Bəhruz Qəhrəman oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib. Milli Qəhrəman doğulduğu Yardımlı rayonunun Telavar kəndində dəfn olunub. Onun təhsil aldığı orta məktəb hazırda qəhrəman döyüşçünün adını daşıyır.