REGİONLAR
Yardımlıda əhalinin sayı 68447 nəfərə çatıb
Yardımlı, 12 avqust, Bağır Əliyev, AZƏRTAC
Bu ilin birinci yarısında Yardımlı rayonunda əhalinin sayı 432 nəfər (0,63 faiz) artaraq 68447 nəfərə çatıb. Rayon əhalisinin 11,1 faizi şəhər, 88,9 faizi kənd sakinləridir. Ərazisi 667 kvadratkilometr olan Yardımlıda əhalinin sıxlığı bir kvadrat kilometrə 102 nəfər təşkil edir. Rayon üzrə ümumi əhalinin 51 faizi kişilər, 49 faizi isə qadınlardan ibarətdır.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Yardımlı Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayev məlumat verib.
Bildirilib ki, ilin əvvəlindən rayonda doğulanların sayı 621, ölənlərin sayı isə 180 nəfər olub.
Bu dövrdə Yardımlıda 432, yaxud hər gün orta hesabla 2 nəfərdən çox doğulmuş körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 18,3 təşkil edib. Respublika üzrə bu göstərici 12,0, Lənkəran iqtisadi rayonu üzrə isə 13,7 nəfərdir.
Altı ayda rayonda təbii artımın səviyyəsi 441 nəfər olmaqla, əhalinin hər 1000 nəfərinə hesabı ilə 13 nəfərdir. Bu, respublika göstəricisindən təxminən iki dəfədən çoxdur.
Bu ilin birinci yarısında rayon üzrə qeydə alınmış ölüm hallarının sayı 180 nəfər olmaqla, əhalinin hər 1000 nəfərinə hesabı ilə 5,3 nəfərdir.
İlin əvvəlindən qeydə alınmış nikahların ümumi sayı 161, boşanmaların sayı isə 14 olub.