REGİONLAR
Yardımlıda ordudan təxris olunmuş gənclərlə görüş keçirilib
Yardımlı, 25 iyul, Bağır Əliyev, AZƏRTAC
Yardımlıda müddətli həqiqi hərbi xidməti başa vuraraq ordu sıralarından təxris olunan gənclərlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Yardımlı Rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı Rayon Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə gənclər, ictimaiyyətin nümayəndələri, valideynlər iştirak ediblər.
Görüşdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Əfsanə Məmmədova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı Rayon Şöbəsinin rəisi Səbuhi Abdullayev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon təşkilatının sədri Hüseyn Vəliyev və başqaları gəncləri hərbi xidməti layiqincə başa vurmaları münasibətilə təbrik ediblər.
Çıxışlarda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğundan, aprel döyüşlərində Azərbaycan əsgərinin göstərdiyi mərdlik və şücaətdən danışılıb.
Gənclər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edərək düşmən tapdağı altında olan torpaqlarımızın Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmri ilə işğaldan azad edilməsi üçün yenidən silaha sarılmağa hər an hazır olduqlarını bildiriblər.
Tədbirin sonunda ordudan təxris olunan gənclərə hədiyyələr verilib.