REGİONLAR
Yardımlıda taxıl biçininə hazırlıq işləri başa çatıb
Yardımlı, 3 iyun, Bağır Əliyev, AZƏRTAC
Yardımlı rayonunun taxıl sahələrində biçin kampaniyasına hazırlıq işləri başa çatıb. İlkin mərhələdə taxıl biçini nisbətən dağətəyi ərazilərdə arpa sahələrində aparılacaq.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Yardımlı Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayev məlumat verib.
Bildirilib ki, ötən ilin payızında rayonda 3,4 min hektar sahədə taxıl əkilib. Bunun 0,2 min hektarını arpa, 0,1 min hektarını çovdar, 3,1 min hektarını isə buğda sahələri təşkil edir. Ötən il taxıl sahələrinin hər hektarından 22,5 sentner məhsul götürən istehsalçılar, cari ildə bu nəticəni daha da artırmaq üçün sahələrə aqrotexniki qaydada qulluq göstərib, mineral və üzvi gübrələrdən istifadə etməklə ziyanvericilərə qarşı qabaqlayıcı tədbirlər görüblər.
Hazırda əsas diqqət biçin kampaniyasının vaxtında başa çatdırılmasına yönəlib. Dənli bitkilərin biçilməsini həyata keçirəcək istehsalçıların texnika sarıdan çatışmazlığının aradan qaldırılması üçün biçin kampaniyası növbəlilik əsasında aparılacaq. Bu məqsədlə rayonda mövcud olan kombaynlar saz hala gətirilib, maşın-mexanizmlərin dislokasiyası dəqiqləşdirilib.
Biçin kampaniyasının operativ təşkili nəticəsində gün ərzində orta hesabla 320 hektar sahədə biçin aparılması və hər hektardan təxminən 22,5 sentnerdən çox məhsul yığılması gözlənilir.
Mütəxəssislərin proqnozuna görə, bu il rayonda təxminən 8 min tondan çox taxıl istehsalı mümkün olacaq.
Taxıl istehsalı ilə məşğul olan mülkiyyətçilərə dövlət tərəfindən yanacaq və sürtgü yağlarına görə güzəşt edilməsi, buğda istehsalçılarına subsidiya verilməsi rayonda taxılçılığın inkişafına təkan verib.
Sahələrdən məhsulun optimal müddətdə və itkisiz yığılması üçün rayonda operativ qərargah yaradılıb. Mütəxəssislərin də cəlb olunduğu qərargahda qarşıya çıxan bütün suallara aydınlıq gətirilir, qaldırılan məsələlər operativ həll olunur.
Taxılın yığılması, daşınması və saxlanması dövründə yanğın hadisələrinin baş verməməsi üçün təsərrüfatlarda lazımi təhlükəsizlik tədbirləri görülüb.