İQTİSADİYYAT
Yarım ildə 123 dövlət əmlakı özəlləşdirilib
Bakı, 16 iyul, AZƏRTAC
Ölkəmizdə özəlləşdirilmə sahəsində prosedurların sadələşdirilməsi, hərracların elektron müstəviyə keçməsi, onlayn xidmətlərin təşkili, perspektivli müəssisələrin özəlləşməyə çıxarılması investorların cəlb edilməsinə geniş imkanlar yaradır.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Əmlak Məsələləri Dövlət Xidməti yanvar-iyun ayları ərzində dövlət əmlakının özəlləşdirilməsi üzrə 34 hərrac keçirib. Hərraclarda 123 dövlət əmlakı özəlləşdirilib ki, bunlardan 10-u səhmdar cəmiyyətlərinin səhm paketi, 26-sı kiçik dövlət müəssisəsi, biri yarımçıq tikili və 86-sı nəqliyyat vasitəsidir. İnnovasiyaların tətbiqi özəlləşdirmə prosesində səmərəliliyin və vətəndaş məmnunluğunun yüksəlməsinə səbəb olub.
Belə ki, cari ilin ilk yarısında hərraca çıxarılmış dövlət əmlakı üzrə 38 elektron sifariş qəbul edilib, “Elektron hərrac” xidməti vasitəsilə 15 onlayn qoşulma baş tutub. Altı ay ərzində 308 qeyri-yaşayış sahəsi, 403 müəssisə və obyektin yerləşdiyi torpaq sahəsi icarəyə verilib, 145 icarə müqaviləsinin müddəti uzadılıb.
Yanvar-iyun ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 32,3 milyon manat təşkil edib və yarımillik proqnoz 72,8 faiz icra edilib. Dövlət əmlakının icarəsindən isə büdcəyə 7,2 milyon manat ödənilib və yarımillik proqnoza 134,2 faiz əməl olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə icarədən dövlət büdcəsinə daxilolmaların həcmi 58,7 faiz artıb.