CƏMİYYƏT
Yasamalda yataqxanada baş verən yanğında bir polis əməkdaşı tüstüdən zəhərlənib
Bakı, 22 sentyabr, AZƏRTAC
Sentyabrın 22-də saat 10 radələrində Yasamal rayonundakı yataqxanaların birinin 3-cü mərtəbəsində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları və polis əməkdaşları dərhal hadisə yerinə gəliblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yataqxanadakı sakinlərin yanğından xilas edilməsi məqsədi ilə təxirəsalınmaz tədbirlər görülüb.
Bina sakinlərinin təxliyəsi zamanı yanğınsöndürənlərlə birlikdə olan Əlahiddə Çevik Polis Alayının manqa komandiri, polis baş serjantı Tural Əliyev də fəallıq göstərib. Lakin o, tüstüdən zəhərlənərək 1 saylı Şəhər Kliniki Xəstəxanasının toksikologiya şöbəsinə yerləşdirilib. Polis baş serjantı T.Əliyevə tibbi yardım göstərilib. Onun vəziyyəti normaldır, hazırda həmin xəstəxanada müalicəsi davam etdirilir.