MƏDƏNİYYƏT
Yaşıl Teatrda səkkizinci anşlaq
Bakı, 14 iyul, AZƏRTAC
“Jara” Beynəlxalq Musiqi Festivalının üstündən üç gün keçməmiş şəhərimizin musiqisevərləri Eminin Yaşıl Teatrda ənənəvi konsertinə toplaşdılar. İyulun 14-də Eminin bu teatrda səkkizinci konserti oldu.
AZƏRTAC xəbər verir ki, məhz bu gün üçün Emin musiqili sürpriz - “Sbejim v Baku” mahnısını hazırlamışdı. O, iyulun 9-da “Jara” Beynəlxalq Musiqi Festivalında təqdim etdiyi bu mahnını onun müəllifi Bahh Tee ilə oxumuşdu. Mahnı həm ənənəvi, həm də klassik rəqslərlə müşayiət edildi. Emin də rəqs məharətini nümayiş etdirdi və tamaşaçıların coşqun alqışları ilə qarşılandı.
Lakin gecənin sürprizləri təkcə bundan ibarət olmadı. “STILL” mahnısını ifa edən Emin tamaşaçılarla daha yaxından təmasda olmaq üçün zala endi və buna cavab olaraq tamaşaçılar onunla foto, video çəkdirməyə çalışdılar.
Emin konsertdə özünün həm rus, həm də ingilis dillərində tanınmış mahnılarını ifa edib, habelə yeni “Ryadom prosnutsa”, “Good Love” mahnılarını ifa edib. Ənənəvi konsert “Boomerang”, “Run”, və əlbəttə ki, “Turn it up load” mahnısının sədaları altında bütün tamaşaçıların rəqsi ilə bitib.
Konsertdən dərhal sonra Eminin “Sbejim v Baku” yeni mahnısına klipinin çəkilişləri davam etdirilib. Çəkilişlər artıq iki gündür musiqiçinin doğma şəhərində aparılır və hamımıza gözəl süjet vəd edir. Bu barədə çox tezliklə məlumat veriləcək. Hazırda isə musiqiçini yola salırıq – iyulun 16-da Eminin Mahaçqalada Daqqosfilarmoniyanın yay meydançasında konserti olacaq.