REGİONLAR


Yasin Hüseynov: Həkimlər gülləni bədənimdən çıxarmaq üçün 5 saat əməliyyat ediblər

Quba, 19 yanvar, Elxan Yusifli, AZƏRTAC

Ailəm yaralanmağım barədə doqquz gün sonra xəbər tutub. Qəzetdə yaralıların siyahısında adımı görəndə dəhşətə gəliblər. Sonra Bakıya xəstəxanaya yanıma gəldilər. Həmin qanlı gecə heç vaxt gözümün qarşısından getmir. Yanvarın 19-u tələbə yoldaşlarımla meydanda idik. Axşam saatlarında sovet əsgərləri insanlara atəş açmağa başladılar. Qocaya, cavana baxmadan qarşılarına çıxan bütün əliyalın, silahsız insanları gülləbaran etdilər. Mən də ağır yaralandım və təcili-tibbi yardım maşını ilə xəstəxanaya çatdırdılar. Sonra baş verənlərdən xəbərim olmayıb. Həkimlər gülləni bədənimdən çıxarmaq üçün 5 saat əməliyyat ediblər.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində 20 Yanvar hadisələrinin iştirakçısı, Quba rayonunun Qam-qam kənd sakini Yasin Hüseynov söyləyib.

29 il sonra həmin gecəni xatırlayarkən gözləri dolan Y.Hüseynov Azadlıq meydanına tələbə yoldaşları ilə birlikdə gedib. “Azadlığımızı, müstəqilliyimizi tələb edirdik. Biz inana bilməzdik ki, sovet əsgərləri dinc nümayişçilərə atəş açsın. Amma onlar bunun əksini etdilər. Həmin gecəni xatırlamaq çox çətindir. Hər dəfə bu barədə danışanda gözlərim yaşarır. Allah şəhidlərimizə rəhmət eləsin”, - deyə Yasin Hüseynov bildirib.

Yasin Hüseynovla həmin gecə şəhid olmuş həmyerlisi Rahib Hüseynovun məzarı başında söhbət edirik. 20 Yanvar hadisələri zamanı Qubanın iki sakini şəhid olub, üç nəfər isə yaralanıb.

Şəhid Rahib Hüseynov Quba şəhər qəbiristanlığında dəfn edilib. Səkkiz övlad atası olan R.Hüseynov həmin gün şəxsi işi ilə əlaqədar rayondan Bakıya gedib. Avtomobildə güllə yağışına tuş gəlib və aldığı ağır yaralardan dünyasını dəyişib.

20 Yanvar şəhidi Elçin Qeybullayev 1968-ci ildə Quba rayonunun Küçeyi kəndində doğulub. Hərbi xidməti başa vurduqdan sonra Bakı şəhərində işləməyə başlayıb. Qanlı faciə baş verən gecə yoldaşları ilə birlikdə “Salyanski kazarma” deyilən yerdə tankların qarşısına əliyalın çıxan Elçin qəhrəmancasına şəhid olub. Quba rayonu Küçeyi kənd ümumi orta məktəbi E.Qeybullayevin adını daşıyır.

Şimal bölgəsindən olan 20 Yanvar şəhidləri sırasında Xaçmaz rayonunun Uzunoba kənd sakini Zahid Abdullayev də var. Azadlıq yolunda canından keçmiş Z.Abdullayev 1959-cu il martın 5-də Uzunoba kəndində anadan olub. Qanlı Yanvar hadisələri zamanı Z.Abdullayev zavoddakı iş yoldaşları ilə birlikdə meydanda etiraz səsini ucaldanlar arasında idi. Həmin gecə o, evə qayıtmayıb. Səhər ailəsi onun şəhid olduğunu öyrənib.

İki oğul, bir qız atası olan şəhid Z.Abdullayev Xaçmaz rayonunun Uzunoba kəndində dəfn edilib. Kənddəki orta məktəb şəhidin adını daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.